Bir şagird üçün məktəb | "Bəzən onun üçün sinif yoldaşı oluram"

      Bir şagird üçün məktəb |    "Bəzən onun üçün sinif yoldaşı oluram"
  23 Yanvar 2024    Oxunub:3172
Azərbaycanda bir şagirdin təhsil aldığı yeddi məktəb var. Bunlar əsasən rayonlarda ucqar kəndlərdə fəaliyyət göstərən ibtidai məktəblərdir. Onlardan biri də Gülyaz Sultanovanın təhsil aldığı Quba rayonu Qarovulüstü kənd ibtidai məktəbidir.
Məktəbdə əvvəldən ibtidai sinif proqramı tədris olunub, şagirdlər yuxarı sinifləri qonşu kəndlərdə oxuyublar. Lakin son 3 ildə valideynlər azyaşlı uşaqlarını bura deyil, qonşu kəndin məktəbinə göndəriblər. Buna səbəb isə məktəb müəlliminin tədrisinin onları qane etməməsi olub. Həmin müəllim də keçən il sertifikasiyadan kəsilib. Ona görə bura yeni müəllim göndərilib.
Bir şagird üçün məktəb | Azərbaycan təhsilində maraqlı hadisə

Hazırda tək şagirdli məktəbin müəllimi Ülviyyə Məmmədovadır. O, 2023-cü ildə MİQ imtahanı vasitəsilə bura müddətli müqavilə ilə gəlib. Lakin Qarovulüstü kənd ibtidai məktəbinin tək şagirdli olmasından xəbəri olmayıb.

- Mənə Qarovulüstü kənd ibtidai məktəbində dərs demək tapşırılanda bilmirdim ki, burada bir şagird təhsil alır. Sənədləri təqdim edən zaman öyrəndim və bir qədər heyrətləndim. Çünki qəribə gəldi ki, tək şagirdlə tədris necə olacaq. Lakin imtina etmədim, gəldim. İndi həm özüm, həm şagird bu vəziyyətə öyrəşmişik, deyə Ü.Məmmədova qeyd edib.

Qarovulüstü kəndi Qubanın ucqar dağ kəndlərindəndir, gedib-gəlmək çətindir. Bu səbəbdən ibtidai məktəbin həm müəllimi, həm müdiri olan Ülviyyə Məmmədova burada kirayədə qalır. Yalnız tətillərdə evinə gedir.

"Dərs dediyim Gülyaz əslində 3-cü sinifdə oxumalıdır, onun 9 yaşı var. Sadəcə mənim bilmədiyim səbəblərdən vaxtında dərsə getməyi alınmayıb, keçən il hazırlıq qrupunda, bu il isə 1-ci sinifdədir. Kənddə ibtidai sinif yaşında olan 6 uşaq var ki, onlardan 2-si hazırlıq sinifləridir və onlar qonşu kəndə gedirlər. Gülyazı isə səhhətinə görə göndərməyiblər. Ümumiyyətlə, bu məktəbdə 3 ildir ki, tək şagird təhsil alır. Əgər Gülyaz da qonşu kəndə oxumağa göndərilsəydi, bu məktəb çoxdan bağlanacaqdı".



Müəllimə qeyd edir ki, məktəbdə işləməsi üçün onunla bir illik müqavilə bağlanıb. Bu il həm müəllimənin müqaviləsi bitir, həm də məktəb bağlanır. Beləliklə, Gülyaz da digər şagirdlər kimi tədrisini qonşu kənddə alacaq:

"Əslində valideynlər mənim burada qalıb təhsil verməyimi istəyirlər. Kənddə hazırda 3 hazırlıq sinfində olan şagird var. Lakin qaydalara görə hazırlıq sinfində şagird sayı 8-dən az olmamalıdır. Buna görə də məktəbdə yeni sinfin açılması mümkün olmadı. Həmçinin kənddə əhali sayı da azdır, əksəriyyəti yaşlılardır. Beləliklə, növbəti tədris ilində Qarovulüstü kənd ibtidai məktəbi fəaliyyət göstərməyəcək".

Məktəb 2 sinif otağından ibarətdir, lakin 30 il əvvəl tikildiyi üçün tamamilə təmirsizdir. Bir otaq yararlı olmadığı üçün orada odun və digər texniki əşyalar saxlanılır. Digər otaq isə tədris üçün istifadə edilir.

Ü.Məmmədova qeyd edib ki, tək şagird olmasına baxmayaraq, təhsili Gülyaz üçün əyləncəli etməyə çalışır:
"Gündə 4 saat tədrsimiz proqrama uyğun həyata keçirilir. Düzdür, bəzən hər ikimiz üçün də çətinlik olur. Bunu əsasən qruplarla işdə müşahidə edirik. Çünki sinifdə daha çox şagird olanda metodlardan, formalardan istifadə edib, daha yaxşı dərs keçə bilirsən. Amma bir uşaq olduğu üçün situasiyanı onun təsəvvüründə yaradıram, bəzən isə özüm onun sinif yoldaşı oluram. Özümü şagird yerinə qoyub, onunla iş qururam. Birtəhər çətinliklə dərsi keçirəm. Gülyazın sinif yoldaşları olmasa da ondan soruşanda heç darıxmadığını deyir. Dərsə sevə-sevə gəlir və qavraması da yaxşıdır".



Aytən Zəhra
AzVision.az


Teqlər:   Təkşagird   Məktəb   Quba  





Xəbər lenti